date saat

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını daha xoş sabahlara qovuşduracaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dünya azərbaycanlılarına müraciətində dediyi kimi: “Bu il ölkəmiz üçün uğurlu olub. Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək”.

Bu gün muxtar respublika sakinlərinin birlik və həmrəylik duyğularının, yeni il sevinclərinin qayəsində də ulu öndərin siyasi xəttinə sonsuz inam və sədaqət dayanır. Qurub-yaratmaq əzmi ilə yaşayan muxtar respublika əhalisi yeni ili bayram sevinci ilə qarşılayır.

Yanvarın 1-də Naxçıvan şəhərində yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilmişdir.

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində şən mahnılar səsləndirilmiş, Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər təqdim edilmiş, muxtar respublikada fəaliyyət göstərən 30 istehsal və xidmət müəssisəsi, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edərək ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanmış, sakinlərin bayramını təbrik etmiş, uşaqlara hədiyyələr vermişdir.

Ali Məclisin Sədri 2021-ci ilin sabitlik, inkişaf, tərəqqi və sosial rifahla başa vurulduğunu bildirmiş, 2022-ci ildə də bu işlərin davam etdiriləcəyini diqqətə çatdırmış, həyata keçirilən tədbirlərdə əməyi olanlara təşəkkür etmişdir.

Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də yeni il şənlikləri keçirilmişdir.