date saat

Ordubad rayonunun Vələver kəndində yeni sosial obyektlər istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 18 ildə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmış, makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ciddi uğurlar qazanılmışdır. Bu dövrdə muxtar respublika da hərtərəfli inkişaf etmiş, ümumi daxili məhsul 16 dəfə, sənaye məhsulu 56 dəfə, əsas kapitala yönəldilən vəsaitlərin həcmi 15 dəfə, əhali gəlirləri 10 dəfə artmışdır. Artıq başa çatmaqda olan 2021-ci il də muxtar respublikada quruculuq və sosial-iqtisadi inkişaf ili kimi səciyyələnir.

Dekabrın 23-də Ordubad rayonunun Vələver kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Vələver kənd məktəbi müasir tələblər səviyyəsindədir 

Dekabrın 23-də Vələver kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.

 

Məlumat verilmişdir ki, 3 mərtəbədən ibarət olan 198 şagird yerlik məktəbdə 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı yerləşir. Kitabxana fondunda 4557 kitab vardır.

STEAM kabinəsi STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir. Şagirdlər hazırladıqları “3D printerdə hazırlanmış avtomobil park sistemi”, “Sosial məsafəni təyin edən robot gözətçisi” və “Xətt izləyən robot” layihələrini təqdim etmişlər.

Müəllim Rəksanə Tarverdiyeva yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

Məktəbdə internetə çıxışı olan 22 kompüter və 4 elektron lövhə quraşdırılmışdır. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Naxçıvan Dövlət Xalça Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Naxçıvan xalçaları” mövzusunda keçilən interaktiv dərsi izləmişdir.

Məktəbin kimya, biologiya və fizika laboratoriyaları müasir avadanlıqlarla təmin olunmuşdur. Əyani vəsaitlər şagirdlərin bu fənlər üzrə biliklərini praktik olaraq daha da artırmalarına şərait yaradacaqdır.
Məktəbdə hərbi hazırlıq fənninin yüksək səviyyədə tədris olunması gənclərin hərbi-vətənpərvərlik ruhunda böyüməsində, onların hərb sənətinə olan maraqlarının artırılmasında başlıca amillərdəndir. İstifadəyə verilən hərbi kabinə, bu mənada, mühüm əhəmiyyət daşıyır. Hərbi kabinəyə baxış zamanı bildirilmişdir ki, son 3 ildə məktəbin 3 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur. Onlardan 1-i Azərbaycan Ali Hərbi Məktəbinin I kursunda təhsilini davam etdirir. Məktəbin hərbi müəllimi Ziyad Əhmədov ötən il Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi zabit hazırlığı kursunda iştirak etmiş və leytenant rütbəsi almışdır.

İdman zalının müasir şəkildə qurulması, həyətdə açıq idman qurğularının qoyulması şagirdlərin fiziki hazırlığının yüksəldilməsində mühüm rol oynayacaqdır. Məktəbdə Voleybol və Tennis İdman klubları yaradılmışdır.

Bütün lazımi əyani vasitələrlə təchiz olunmuş şahmat sinfi şagirdlərin bu idman növünə olan marağını daha da artıracaq, onların əqli inkişafına xidmət edəcəkdir.

Müəllim Xəyalə Həsənova minnətdarlıq edərək demişdir: “Müasir tələblərə cavab verən məktəbdə fəaliyyət göstərməyimiz çoxdankı arzumuz idi. Artıq arzumuz reallığa çevrilib. Muxtar respublikada bütün sahələrdə olduğu kimi, şahmat idman növünə də diqqət və qayğı göstərilir. Məhz bu qayğının nəticəsidir ki, muxtar respublika şahmatçıları beynəlxalq yarışlarda iştirak edir, reytinqlərini yüksəldirlər. Bu gün məktəbdə şahmatın tədrisi üçün hər cür şərait yaradılıb. Çalışacağıq ki, yaradılan şəraitə cavab olaraq güclü şahmatçılar yetişdirək”.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada bu il 8 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, hazırda 5 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir. Muxtar respublikada müəllim əməyinə verilən qiymətin nəticəsidir ki, bu günə qədər 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adlarına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Müəllimlərin maddi rifah halının yüksəldilməsi də diqqətdə saxlanılır. Bu tədbirlərin davamı kimi 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılmışdır. Aparılan təhsil quruculuğu tədbirlərinin tərkib hissəsi kimi Vələver kənd tam orta məktəbində də müasir tədris şəraiti yaradılmışdır. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq etmişdir.

Məktəbin gənc müəllimi Səma Heydərli minnətdarlıq edərək demişdir: “Vələver kənd tam orta məktəbi ən müasir tədris vəsaitləri ilə təmin olunmuşdur. Burada şagird və müəllimlər üçün yaradılan şərait heç də şəhər məktəblərindən geri qalmır. Bütün bunlar isə Ali Məclis Sədrinin muxtar respublikada həyata keçirdiyi əməli tədbirlərin məntiqi nəticəsi, muxtar respublika sakinlərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Müəllimlər də bu qayğını daim hiss edirlər. Öz fəaliyyəti ilə seçilən müəllimlər təltif edilir, əməkhaqları artırılır. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə 2022-ci ilin yanvarın 1-dən isə əlavə olaraq əməkhaqlarımız 20 faiz artırılıb. Bu isə müəllimləri ruhlandırır, daha yaxşı işləməyə sövq edir”. Səma Heydərli qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbriklərini çatdırmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vələver kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün təhsil sahəsində həyata keçirilən tədbirlər Azərbaycanı bu sahədə inkişaf etmiş ölkələr sırasına çıxarıb. Müdriklər deyirlər ki, əgər planınız 1 illikdirsə, buğda əkin, on illikdirsə, ağac əkin, 100 illikdirsə, məktəb tikin. Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlətin gələcəyini təmin etmək üçün isə gənclər hərtərəfli hazırlanmalıdır. Gənclərin gələcəyə hazırlanması isə təhsil ocaqlarından başlayır. Bu gün Vələver kənd tam orta məktəbində yaradılan şərait imkan verir ki, ölkəmizin gələcəyi olan gənclər lazımi səviyyədə yetişdirilsin və məktəbi bitirən hər bir gənc bir peşəyə yönləndirilsin. Müasir tədrisin tələbləri səviyyəsində qurulan məktəbdə dərslər şagirdlərə əzbərləmə yolu ilə deyil, qavrama üsulu ilə öyrədiləcəkdir.
“Məktəb həm dövlətin, həm də cəmiyyətin işidir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, dövlət məktəbdə şərait yaradır, ancaq məktəbdəki nailiyyətlər, tədrisin səviyyəsi ailə və məktəbin üzərinə düşən vəzifədir. Ailələrlə sıx əlaqə qurulmalı, hər bir şagirdlə iş aparılmalı, onlar bacarığına və marağına uyğun ixtisaslara yönəldilməlidir. Son 5 ildə məktəbin nailiyyətləri muxtar respublikanın orta göstəricisinə yaxındır. Ancaq yaradılan bugünkü şərait təhsil ocağında kəmiyyətlə bərabər, keyfiyyət amilini də yüksəldəcək, nailiyyətlər artacaqdır. Nailiyyətlər onu deməyə əsas verir ki, məktəbdə işgüzar və peşəsinə hörmət edən kollektiv formalaşıb.
Ali Məclisin Sədri bütün bunlara görə kollektivə təşəkkürünü bildirmiş, tədrisdə uğurlar arzulamışdır.
Binanın həyətində bufet və qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, yaşıllıqlar salınmışdır.
Ali Məclisin Sədri qurulanların qorunması, nizam-intizama və tədrisdə keyfiyyət amilinə diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir.

Vələver kəndində dövlət qurumları üçün müasir iş şəraiti yaradılıb

Dekabrın 23-də Vələver kənd mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, 2 mərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub, 38 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 5315 kitab vardır. Rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Hazırda burada 128 internet istifadəçisi qeydiyyatdadır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 120 üzvü vardır ki, onlardan da 29-u gənc, 55-i isə qadındır. Ərazi ilk təşkilatının sədri Ramiz Heydərov partiya üzvləri adından yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir: “Ali Məclis Sədrinin rayonumuza hər gəlişi yeni obyektlərin istifadəyə verilməsi ilə yadda qalır. Bu gün kəndimiz ən müasir kəndlər sırasına daxil olur. Partiyaya qəbul olmaq üçün müraciət edən gənclərin sayı artmaqdadır. Biz də partiya üzvləri olaraq rayonun bütün tədbirlərində iştirak edirik. Bundan sonra da səylə çalışacaq, yaradılanları qoruyacaq, göstərilən etimadı doğruldacağıq”.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Mircəlal Seyidov demişdir: “Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq, meyvəçilik, heyvandarlıq və arıçılıqdır. Təsərrüfat sahibləri istehsal etdikləri məhsulları rayon mərkəzində və Naxçıvan şəhərində təşkil olunmuş yarmarkalarda rahat satışını təşkil edir, ailə büdcələrini artırırlar. Bunun da nəticəsidir ki, kənddə ailə təsərrüfatları gündən-günə artmaqdadır. Bu il kəndimizdə böyük quruculuq işləri aparılmışdır. Bununla kənd siması başdan-başa dəyişilmişdir”.

Kəndlərdə müasir səhiyyə müəssisələrinin tikilməsi mühüm əhəmiyyətə malikdir. Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilmişdir.

Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elmar Zeynalov yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir ki, məntəqə əvvəl uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Bu gün isə səhiyyə işçiləri üçün müasir iş şəraiti yaradılmışdır. Bundan sonra da yaradılan şəraitə uyğun insanların sağlamlığının keşiyində duracağıq.

Ali Məclisin Sədri səhiyyə maarifinə üstünlük verilməsi, rayon mərkəzindən həkim briqadalarının göndərilməsi, sanitar-gigiyenik qaydalara əməl olunması barədə tapşırıqlar vermişdir.

Müasir yol güclü iqtisadiyyatın və yüksək mədəniyyətin göstəricisidir

Vələver kəndində həyata keçirilən quruculuq işləri çərçivəsində kənd avtomobil yolu da yenidən qurulmuşdur.

Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, ümumi uzunluğu 5,1 kilometr olan yola asfalt örtük salınmış, 29 su keçidi qoyulmuş, 640 metr beton su kanalı çəkilmiş, 1 körpü təmir edilmiş və 225 metr istinad divarı tikilmişdir.

Sonra sakinlərlə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: Bu gün 3 kəndi özündə birləşdirən Vələver kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisi tamamilə abadlaşdırılıb. Kənd müasir kəndlər sırasına daxil olub. Yollar yenidən qurulub, elektrik, qaz xətləri yenilənib, məktəb tikilib, feldşer-mama məntəqəsi və dövlət orqanları üçün müasir iş şəraiti yaradılıb. Bir sözlə, kəndin bütün ehtiyacları nəzərə alınıb. Ölkəmiz 30 ildir ki, müstəqil dövlətdir. Müstəqilliyimizin ilk illəri çətin dövrləri idi. Həmin illərdə ölkədə qarışıqlıq, vətəndaş müharibəsi hökm sürür, eyni zamanda torpaqlarımız işğala məruz qalırdı. Lakin ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik və inkişafın təməli qoyuldu. Ölkə Prezidentinin bu gün o yolu uğurla davam etdirməsinin nəticəsidir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz layiqli yerini tutub. Uzun illər işğal altında olan torpaqlarımız azad olunub. Bu gün ölkəmiz quruculuq meydanına çevrilib, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə başlanılıb və insanların yaşayışının yaxşılaşdırılması üçün lazım olan işlər həyata keçirilir. Vələver kəndində görülən işlər də ölkəmizin inkişafının göstəricisidir. Həyata keçirilən tədbirlər insanların rahat yaşayışına, kəndin gələcək inkişafının təmin edilməsinə hesablanıb.

Ali Məclisin Sədri demişdir: Kənddə ailə təsərrüfatları inkişaf edib, meyvəçilik, maldarlıq, heyvandarlıq və arıçılıq formalaşıb. Bütün bunlar ölkəmizdəki sabitlik, inkişaf və dövlət-xalq birliyi nəticəsində mümkün olub. Qurulanlar işin bir tərəfidirsə, onların qorunması, uzun müddət istifadə edilməsi işin əsas tərəfidir. Sakinlər də gərək qurulanlardan səmərəli istifadə etsin. Sakinlər çalışmalıdır ki, Vələver, Başkənd və Qoruqlar kəndləri bundan sonra da inkişaf etsin, yeni evlər tikilsin, məskunlaşma və təsərrüfatlar artsın.

Ali Məclisin Sədri kompleks quruculuq işlərində iştirak edənlərə və zəhməti olanlara təşəkkür etmiş, sakinləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik etmişdir.
Vələver kənd sakinləri adından minnətdarlıq edən ziyalı Muxtar İsmayılov demişdir ki, muxtar respublika sürətlə inkişaf edir. Bu inkişafı görməmək mümkün deyil. Ulu öndər Heydər Əliyevin yolunun muxtar respublikada uğurla davam etdirilməsinin nəticəsidir ki, bu illər ərzində Naxçıvanın elə bir yeri yoxdur ki, orada quruculuq işləri aparılmasın. Ən ucqar kəndlərdə belə, abadlıq işləri görülüb, yollar çəkilib, sosial obyektlər qurulub. Bu gün Naxçıvan 100 faiz qazlaşdırılıb, bütün evlər işığa qərq olub, elektrik, rabitə xətləri çəkilib, sürətli internetdən geniş istifadə olunur. Təkcə son 3 ay ərzində Ordubad rayonunun 3 kəndində abadlıq-quruculuq işləri tamamlanmışdır. Əndəmic, Dırnısda və bu gün Vələver kəndində sosial obyektlər istifadəyə verilib. Bu gün Vələver kəndində elə bir küçə, döngə yoxdur ki, orada yollara asfalt salınmasın. Kənd şəhərə çevrilib. Əvvəlki məktəbdə qış ayları çətinliklə üzləşirdik. Lakin bu gün 3 mərtəbəli müasir məktəb ucaldılıb. Bu il bizim üçün uğurlu oldu. Gələn il də xalqımız üçün uğurlu, bərəkətli il olsun, dədə-baba yurdlarından qaçqın düşən ailələr öz yurdlarına qayıtsınlar. Muxtar İsmayılov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbriklərini çatdırmışdır.

Yeni xidmət mərkəzində lazımi şərait yaradılıb


Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vələver kəndində xidmət mərkəzinin də açılışını etmişdir.

Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılmış, 5 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri yerli istehsal məhsullarının satışına üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.

* * *

Vələver kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülmüşdür. Kənddə 890 metr fiber-optik, 540 metr yeraltı, 1050 metr hava kabel xətti çəkilmişdir. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənmiş, 33 dayaq basdırılmış, 2200 metr məsafədə məftil naqillər izolyasiyalı kabellərlə, 500 metr məsafədə məftil naqillər yeraltı kabel xətləri ilə əvəz olunmuşdur. Bundan başqa, 230 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilmiş, 1632 poqonometr qaz xəttində dəmir borularla təmir-bərpa işləri aparılmışdır. Eyni zamanda kənddə mövcud kaptajın 60 metrlik hissəsi təmir edilmiş, 15 metr yeni kaptaj tikilmiş, sugətirici ana xəttin 150 metr hissəsində təmir-bərpa işləri görülmüşdür.