date saat

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Tarix boyu Azərbaycan övladlarının Vətənə, öz millətinə, dövlətinə, xalqına sədaqət nümunələri, qəhrəmanlıqları və şəhidlik nümunələri onu göstərir ki, xalqımız bu gün də, gələcəkdə də öz torpaqlarını, Vətənini qorumağa hazırdır, Vətən, torpaq, müstəqillik naminə şəhid olmağa hazırdır”. Vətən, millət yolunda  canlarından keçərək qəhrəmanlıq dastanı yazan şəhidlərimizin xatirəsi daim yaşayacaqdır. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribatın qarşısı alınarkən Naxçıvandan olan hərbi qulluqçu, baş leytenant Əli Əliyev də şəhidlik zirvəsinə yüksəlmişdir.

Sentyabrın 14-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, şəhidin ailə üzvləri tədbirdə iştirak etmişlər.

Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi.

Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildirdilər.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı.

Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazəsinin önündən keçildi.

Şəhidin cənazəsi doğulduğu Şərur rayonunun Yengicə kəndinə yola salındı.

Ali Məclisin Sədri şəhidin atası Cavad Əliyev ilə görüşərək başsağlığı verdi.