date saat

Avqustun 26-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik etmiş, gələcək təhsildə gənclərə uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov demişdir ki, 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2990 məzun bitirmiş, onlardan 2848-i, yaxud 95 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermişdir. Məzunların buraxılış imtahanlarındakı nəticələri ötən illə müqayisədə xeyli artmışdır. Muxtar respublikanın şəhər və rayon mərkəzlərindəki ümumtəhsil müəssisələri ilə yanaşı, ucqar dağ kəndlərindəki məktəblərdə də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, məzunları yüksək nəticə göstərən 100 məktəbdən 71-i ucqar kənd məktəbləridir.

Rəhman Məmmədov muxtar respublika təhsilinin inkişafına göstərilən diqqət və qayğıya görə bütün təhsil işçiləri adından minnətdarlıq etmişdir.

Valideyn Lətifə Zeynalova çıxış edərək demişdir ki, müəllimi olduğum Heydər Əliyev adına tam orta məktəb üçün 2004-cü ildə müasir üslubda bina inşa olunub. Məktəbimizdə müasir tədris şəraiti yaradılıb. Bunun nəticəsidir ki, hər il məzunlarımız buraxılış və qəbul imtahanlarında uğurlu nəticə əldə edirlər. Ötən tədris ili də bu baxımdan uğurlu olmuşdur. 8 məzunumuz 500-700 arası bal toplayaraq bugünkü görüşdə iştirak edirlər. Bu məzunlardan biri də övladım Zəkiyə Zeynalovadır. O, buraxılış və qəbul imtahanlarının nəticəsinə görə, ümumilikdə, 591 bal toplamışdır. İstənilən valideyn üçün bundan böyük xoşbəxtlik, sevinc ola bilməz. Lətifə Zeynalova muxtar respublikada elmə, təhsilə göstərilən diqqətə görə bütün valideynlər və müəllimlər adından minnətdarlıq etmişdir.

Qəbul imtahanlarında 692 bal toplayan muxtar respublika birincisi, məktəbi “Qızıl” nişanla bitirmiş Nərmin Vəliyeva məzunlar adından minnətdarlıq edərək demişdir ki, muxtar respublikada ənənə halını almış yüksək bal toplayan məzunlarla görüşdə iştirak etmək mənim ən böyük arzum idi. Sevinirəm ki, buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərərək Ali Məclisin Sədri ilə görüşdə iştirak edirəm. Biz gənclərin həyatında heç vaxt unudulmayacaq bu görüşdə iştirak edə bilməyimiz üçün yaradılan şəraitə görə yüksək bal toplayan məzunlar adından minnətdarlığımı bildirirəm. Mən buraxılış imtahanlarında 292 bal, qəbul imtahanlarında isə I ixtisas qrupu üzrə ən yüksək nəticə göstərərək 400 bal toplamışam. Ümumilikdə, 692 balla məzunlar arasında muxtar respublika birincisi olmuşam və “Qızıl” nişanla təhsilimi başa vurmuşam. Söz veririk ki, harada təhsil almağımızdan, harada yaşamağımızdan asılı olmayaraq ümummilli liderimiz Heydər Əliyev ideyalarının davamçıları olacaq, Naxçıvan gəncliyinin adını daim zirvələrdə tutacaq, ölkəmizin çiçəklənməsinə öz töhfəmizi verəcəyik.

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlara “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunmuşdur.

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlardan Nigar Kərimova, Ülviyə Axundova, Arzu Hüseynova, Mayıl Səfərli, Hüseyn Paşazadə və Vüsal Hüseynli göstərilən qayğıya görə minnətdarlıq etmiş, Ali Məclisin Sədri ilə görüşdən qürur duyduqlarını bildirmiş, ixtisaslı kadr kimi yetişəcəklərinə söz vermişlər.