date saat

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

-1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

-2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

- 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 

Nikah neçə yaşından bağlana bilər ?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunmuşdur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər

İcra işi üzrə banklar və kredit təşkilatları tərəfindən icra hərəkətlərinin təmini necə müəyyən olunur?

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallara əsasən bankda və ya digər kredit təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru, məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərir. Borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı icra məmurundan icra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. İcra haqqında Azərbaycan Respublikasının Qanununda göstərilən tələblərə əməl etməyən bank və ya digər kredit təşkilatı icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən müvafiq məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunur.

Nikaha daxil olan şəxslərin tibbi müayinəsi necə həyata keçirilir ?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunvericiliklə necə tənzimlənir ?

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtdan borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırılmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Uşağın adının və soyadının dəyişdirilməsinə hansı hallarda icazə verilir?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişi və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.

Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.

İcra işi üzrə tələbin yönəldilməsinə yol verilməyən əmlak növləri qanunvericiliklə necə tənzimlənir ?

“İcra haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz.

Yeni doğulmuş uşağa adın seçilməsi  necə müəyyən olunur?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, uşağa ad valideynlərinin razılığı ilə verilir. Valideynlər ad seçimində sərbəstdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda göstərilir ki, yeni doğulmuş uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə  uyğun gəlməyən və ya gülünc adın qoyulmasına yol verilmir.

İcra hərəkətlərinin həyata keçirilməsi vaxtı qanunvericiliklə hansı qaydada tənzimlənir ?

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, icra hərəkətləri saat 8-dən tez və saat 22-dən gec olmamaqla, iş günlərində həyata keçirilir. İcra hərəkətlərinin həyata keçirilməsinin dəqiq vaxtını icra məmuru müəyyən edir. İcraatda iştirak edən tərəflər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı təkliflər verə bilərlər.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qeyri-iş günlərində icra hərəkətlərinin həyata keçirilməsinə yalnız təxirəsalınmaz hallarda və ya borclunun təqsiri üzündən icra hərəkətlərinin həyata keçirilməsi iş günlərində mümkün olmadıqda yol verilir. Saat 22-dən saat 8-dək icra hərəkətlərinin həyata keçirilməsinə yalnız fiziki şəxslərin həyat və sağlamlığı üçün təhlükə törədən hallarda yol verilir.

Ər-arvadın soyad  seçmək  hüququ   necə tənzimlənir ?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.

Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir. Ər-arvaddan birinin soyadının dəyişdirilməsi digərinin soyadının dəyişdirilməsinə səbəb olmur. Nikah pozulduqda ər(arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.

Tələbin aliment ödəməli olan şəxsin əmlakına yönəldilməsi qanunvericiliklə necə müəyyən olunur?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş miqdarda aliment, habelə aliment üzrə borclar aliment ödəməli olan şəxsin qazancından və (və ya) digər gəlirlərindən tutulur. Qazanc və (və ya) digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və sair kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun başqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən mülki prosessual qanunvericilikdə müəyyən olunmuş qaydada tutulur. Bu vəsaitlər çatışmadıqda tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər.

Hansı şəxslər arasında nikah bağlana bilməz ?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər,  ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

İcra sənədi hansı hallarda aidiyyəti üzrə göndərilir ?

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra sənədi aşağıdakı hallarda aidiyyəti üzrə göndərilmiş hesab olunur:

-icra sənədi borclunun əmək haqqından (gəlirindən) birdəfəlik və ya vaxtaşırı tutmalar üçün onun iş yerinə göndərildikdə;

-icra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə.

İcra sənədi borclunun iş yerinə göndərildikdə, icra məmuru onun icra vəziyyətini yoxlamalıdır.İcra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə icra məmuru tərəfindən tələbkara məlumat verilir.

Ölüm haqqında məlumat hansı müddətə verilməlidir?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. 

İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi qaydası qanunvericiliklə necə tənzimlənir?

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmiş hallara müvafiq olaraq, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ  icra məmurlarının xüsusi fonduna köçürülür.

İcra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər dövlət büdcəsi hesabına ödənilir.

İcra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. 

Nikaha hansı halda xitam verilmiş sayılır?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.

Aliment tutulması barədə tələbin verilməsi müddətləri qanunvericiliklə necə müəyən olunur?

Azərbaycan Respublikasının Ailə Məcəlləsində nəzərdə tutumuş hallara əsasən,  aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 

Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

Valideynlər valideynlik hüquqlarından hansı hallarda məhrum edilir?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

- Öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

- Alimenti qəsdən ödəmədikdə;

- Heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;

- Valideynlik hüquqlarından sui-istifadə etdikdə;

- Uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

- Xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

- Uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.   

İcra işi üzrə icraatın dayandırılmasının mümkün olduğu hallar hansılardır ? 

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər:

- Borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda;

- Borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda;

- İcra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə;

- Borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda.

Hansı hallarda nikah məhkəmə qaydasında pozulur?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikaha müvafiq icra hakimiyyəti orqanında xitam verilməsi halları  istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

İcra işi üzrə icra hərəkətlərinin həyata keçirildiyi yer qanunvericiliklə hansı qaydada müəyyən olunur?

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallara uyğun olaraq, icra hərəkətləri borclu fiziki şəxsdirsə, onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir.

İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. İcra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir.

Mirasdan məcburi pay almaq hüququ kimlərə məxsusdur ?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

İcra işi üzrə icra hərəkətləri hansı hallarda təxirə salına bilər ?

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmiş hallara müvafiq olaraq, icra hərəkətlərinin həyata keçirilməsində çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkar və ya borclunun əsaslandırılmış müraciətinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə salır.

İcra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir və həmin qərar icra qurumun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Bu barədə tərəflərə, habelə məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) bildiriş göndərilir. Tərəflər icra hərəkətlərinin təxirə salınması haqqında icra məmurunun qərarından onun surətini aldıqdan sonra 3 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

Nikahdankənar usaqlar atanın vərəsəsi ola bilərmi ?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər.

İcra işi üzrə icraatda iştirak edən hal şahidinin hüquq və vəzifələri hansılardır?

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İcra hərəkətləri başlanmamışdan əvvəl icra məmuru tərəfindən hal şahidinə onun hüquq və vəzifələri izah edilir. İcra hərəkətlərində iştirakla əlaqədar hal şahidlərinin çəkdikləri xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Həmin xərclər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir.

Hansı hallarda vəsiyyətnamə etibarsız sayılır ?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

İcra işi üzrə borclunun əmlakının qiymətləndirilməsi qanunvericiliklə necə tənzimlənir?

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa görə borclunun əmlakı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya  xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur. Notariusun icra qeydi əsasında ipoteka predmetinə tələb yönəldikdə, müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir.

Kimlər ləyaqətsiz vərəsə hesab edilir ?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

İcra işi üzrə icraatda iştirak edən tərəflər kimlərdir ?

“İcra haqqında”  Azərbaycan Respublikasının qanununa əsasən, icra sənədi üzrə icraatda yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxs iştirak edə bilər.

İcraatda iştirak edən tərəflər tələbkar və borcludur. Xeyrinə və maraqlarına uyğun olan icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar sayılır. İcra sənədinə əsasən müəyyən hərəkətlər etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır.

İcraatda bir neçə tələbkar və ya borclu iştirak edə bilər. Bu zaman onlardan hər biri digər tərəfə münasibətdə icraatda müstəqil iştirak edir və ya icraatda iştirak etməyi iştirakçılardan birinə tapşıra bilər.

Nikah hansı hallarda etibarsız sayıla bilər ?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Etibarsızlığın başqa bir əsası isə tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadan nikah bağlamasıdır. Bu “saxta nikah” adlanır və etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır və etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.

Məcburi icra tədbirləri hansılardır ?

“İcra haqqında” Azərbaycan  Respublikasının Qanununa əsasən, məcburi icra tədbirləri aşağıdakılardır:

- Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;

- Tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;

- Tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;

- İcra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi;

- “İcra haqqında” Azərbaycan  Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.

Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ qanunvericiliklə necə tənzimlənir?

-Ailə Məcəlləsinə əsasən,  uşaqlar valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.

-Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir.

-Uşaq ekstremal hallarda tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə  belə qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.

Əmlak kirayəsi müqaviləsi hansı qaydada bağlanır?

-Mülki Məcəllənin tələbinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Bütün kirayə müddəti ərzində kirayəyə verən müvafiq hallarda məsuliyyət daşıyır. Belə ki, verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır. Kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır, Üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir.

-Yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmasın.

 Bağışlama müqaviləsi necə bağlanır?

-Mülki qanunvericiliyə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

İcra işi üzrə icraatda iştirak edən nümayəndə hansı səlahiyyətlərə malikdir?

İcraatda iştirak edən nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün hərəkətləri etmək hüququna malikdir. Təmsil olunan şəxs tərəfindən verilən etibarnamədə nümayəndənin icra sənədini təqdim etmək və geri çağırmaq, səlahiyyətləri başqa şəxsə vermək, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək və tələbkarın  xeyrinə qət edilmiş əmlakı, o cümlədən pulu almaq səlahiyyəti  vardır.

 Probasiya nəzarəti hansı tədbirlər sistemindən ibarətdir?

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müvafiq maddəsinə əsasən, probasiya nəzarəti azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzaçəkməsi təxirə salınmış məhkumların sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosail-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir.

Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin miqdarı necə müəyyən edilir?

Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa əsasən  icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz.

Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.

Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun müvafiq maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.

Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.